7-ci “Zirvə Beynəlxalq Uşaq Oyunları”nda möhtəşəm voleybol yarışları keçirildi

5-28 may tarixlərində Xırdalan və Astara şəhərlərində yerləşən AAAF Park Yaşayış, İdman, İstirahət və Əyləncə Komplekslərində keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş 7-ci “Zirvə Beynəlxalq Uşaq Oyunları” davam edir. 27 idman növündə 12 ölkədən olan 4 mindən çox idmançı uşağın qüvvəsini sınayacağı yarışlarda növbə voleybolçulara çatıb.

Kompleksdə yerləşən Zirvə Liseyinin idman zalında qurulan meydançada qızlar və oğlanlardan ibarət komandalar iki gün ərzində tamaşaçılara böyük bir voleybol bayramı nümayiş etdirdilər. Qızlarda “Azəri”, “Azerreyl”, 7 N-li İOEUGİM (Xətai rayonu) və 2 N-li RİOEUGİM, oğlanlarda isə “Neftçi”, “Zirvə”, 2 N-li RİOEUGİM, “Lokomotiv” və 1 N-li RİOEUGİŞM (Sumqayıt) dairəvi sistemlə yarışaraq qalibləri müəyyən ediblər.

Qızlarda tanınmış voleybolçumuz, əfsanəvi “Azərreyl” komandasının və milli komandamızın kapitanı olmuş Alla Həsənovanın baş məşqçisi olduğu “Azərreyl” qızıl medal qazanmağı bacarıb. Son turda onlar əsas rəqibləri 2 N-li RİOEUGİM-ə 2:0 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Bürünc medalla “Azəri” komandasına qismət olub.

Oğlanlarda isə 2 N-li RİOEUGİM qələbəni bayram edib. Onlar son turda “Neftçi”li həmkarları üzərində zəfər çalaraq çempion adını qazanıblar. Bürünc medalı isə 1 N-li RİOEUGİŞM (Sumqayıt) əldə edib. Həm qızlar, həm də oğlanlarda mükafatçılara medal, diplom və xatirə hədiyyələri təqdim olunub.

“Zirvə” Beynəlxalq İdman Klublarının təşkilatçılığı ilə keçirilən bu Oyunları böyük ənənə halını almaqdadır. “Zirvə Oyunları”nın keçirilməsində məqsəd dahi liderin irsinin yaşadılması, onun ölkəmiz üçün etdiyi işlərin gələcək nəsillərə çatdırılması, eyni zamanda, idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.

“Zirvə Oyunları”nda idmançılar ağır atletika, atçılıq, atıcılıq, basketbol, boks, cüdo, futbol və çimərlik futbolu, bədii və idman gimnastikası, güləş (sərbəst, yunan-roma), karate, kartinq, kikboksinq, qılıncoynatma, kamandan oxatma, pauerliftinq, şahmat, taekvondo, tennis və stolüstü tennis, üzgüçülük, çimərlik voleybolu və voleybol, badminton, atletika növlərində medal mübarizəsinə qoşulacaqlar.

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) This endpoint requires the 'manage_pages' permission or the 'Page Public Content Access' feature. Refer to https://developers.facebook.com/docs/apps/review/login-permissions#manage-pages and https://developers.facebook.com/docs/apps/review/feature#reference-PAGES_ACCESS for details.
SHARE