7-ci “Zirvə Beynəlxalq Uşaq Oyunları”nda cüdo yarışları yüksək səviyyəli təşkilatçılıqla fərqləndi

5-28 may tarixlərində Xırdalan və Astara şəhərlərində yerləşən AAAF Park Yaşayış, İdman, İstirahət və Əyləncə Komplekslərində keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş 7-ci “Zirvə Beynəlxalq Uşaq Oyunları” davam edir. 27 idman növündə 12 ölkədən olan 4 mindən çox idmançı uşağın qüvvəsini sınayacağı yarışlarda növbə cüdoçulara çatıb.

Kompleksin mərkəzi yarış zalında 150-yə yaxın idmançı medal mübarizəsinə qoşulub. Yüksək səviyyəli təşkilatçılıqla seçilən turnirdə “Hədəf” İKİB, 2 saylı RİOEUGİM, “Aura” İK, İOEUGİM Sumqayıt, “İsmayıllı-Zirvə”, “Masallı”, “Neftçi”, “Qəbələ”, “Qobustan”, “Şamaxı”, UGİSM 2 Sumqayıt, “Yasamal Sambo” İK, “Abşeron-Zirvə”, “Bakı-Zirvə”, “Lənkəran-Zirvə”, “Sumqayıt-Zirvə” və Rusiyadan “Dağıstan” İK komandaları iştirak ediblər. 2005-06-cı il təvəllüdlü cüdoçuların qələbə əzmi tribunalara toplaşanların alqışına səbəb olub. Respublika səviyyəsində təşkil oluna yarışda “Abşeron-Zirvə” cüdoçuları bütün rəqiblərindən üstün olaraq, komanda hesabında birinci olmağı bacarıblar.

Azərbaycan Cüdo Federasiyası, Zirvə Beynəlxalq İdman Klubları və AAAF Holdinqin rəhbər şəxslərinin də iştirak etdiyi təltifat mərasimində hər çəkidə mükafatçı olan cüdoçulara medal, diplom və xatirə hədiyyələri təqdim olunub.

“Zirvə” Beynəlxalq İdman Klublarının təşkilatçılığı ilə keçirilən bu Oyunları böyük ənənə halını almaqdadır. “Zirvə Oyunları”nın keçirilməsində məqsəd dahi liderin irsinin yaşadılması, onun ölkəmiz üçün etdiyi işlərin gələcək nəsillərə çatdırılması, eyni zamanda, idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.

“Zirvə Oyunları”nda idmançılar ağır atletika, atçılıq, atıcılıq, basketbol, boks, cüdo, futbol və çimərlik futbolu, bədii və idman gimnastikası, güləş (sərbəst, yunan-roma), karate, kartinq, kikboksinq, qılıncoynatma, kamandan oxatma, pauerliftinq, şahmat, taekvondo, tennis və stolüstü tennis, üzgüçülük, çimərlik voleybolu və voleybol, badminton, atletika növlərində medal mübarizəsinə qoşulacaqlar.

SHARE