31 Mart – Soyqırım günü!

Tarix boyu Rus və Erməni birləşmələrinin təcavüzünə məruz qalan Azərbaycanın daha bir unudulmaz qan yaddaşı “31 Mart Soyqırım” günü…

1918-ci ilin 30 mart – 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Zəngəzur və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı soyqırım törədilib. 1 həftə ərzində 150 min insan vəhşicəsinə qətlə yetirilib və 10 minlərlə insan itkin düşdü.

Təfərrüatı ilə tarix belədir: 1918-ci il mart ayının 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk atəşi açdı. 31 mart səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan Kərpicxana, Məmmədli və başqa məhəllələrə hücum etdilər. Mart qırğınları zamanı sadəcə Qubada 15 min adam öldürülmüş, azərbaycanlılar toplu şəkildə quyulara doldurulmuş, kimi ölü kimi yaralı və kimidə diri-diri basdırılmışdı. Qubadakı məzarlıqda tapılan sümüklərin ermənilərin 1918-ci ildə törətdiyi soyqırımı qurbanlarına aid olduğu təsdiqlənib. Aprel ayında Quba qəzasına göndərilən daşnak dəstələri 122 kəndi yandırdılar. Yerli sakinlər isə min bir əzablarla qətlə yetirildilər.

3-16 aprel tarixində Şamaxı əhalisinə divan tutuldu. Yerli erməni və rus-malakan kəndlilərinin köməkliyi ilə təkcə mart ayında Şamaxının 58 kəndi Bakı Sovetinə bağlı erməni ordusu tərəfindən dağıdıldı. Təxminən 8 minə yaxın insan öldürüldü ki, bunun da 1653 nəfəri qadın, 965-i isə uşaq idi.

1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir.

Azərbaycan Respublikasının mərhum prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.

Allah rəhmət eləsin!

SHARE