12 saylı küçədə Şəhidlər bulağı açıldı

Son günlərdə cəbhə xəttində baş verən hadisələr xalqımızın döyüşkən və mübariz ruhunu bir daha göstərdi. Hər kəs bir nöqtəyə vuraraq mənfur düşmənə qarşı birləşməyə, ilk əmr gələn kimi torpaqları azad etmək üçün hücuma atılmağa hazır olduğunu nümayiş etdirdi.
Tovuzdakı döyüşlərdə itkilərimiz də az olmadı. Generalımız Polad Həşimov və digər hərbçilərimizin şəhid olması hər kəsi üzdü. Ancaq onların xatirəsi bizimlə daima yaşayacaq.
AAAF Park Yaşayış Kompleksinin 12 saylı küçəsinin sakinləri isə daha böyük addım ataraq döyüşlərdə bu günə qədər həlak olan əsgərlərimizin xatirəsini əbədiləşdirmək qərarı verdilər. İyulun 27-də bu küçədə şəhidlər bulağının açılış mərasimi keçirildi. Tədbirdə sakinlər, hərbçilər, müxtəlif qurumların üzvləri, media nümayəndələri və digər şəxslər iştirak edirdilər. Şəhidlər bulağının üstündə şəhidlərimizin şəkilləri olan böyük banner, həmçinin yanlarda və üzbəüzdə böyük ölçülü və kiçik Azərbaycan və Türkiyə bayraqları asılmışdı. Bununla yanaşı, işğal olunmuş Azərbaycan rayon və şəhərlərinin işğal tarixləri yazılan plakatın yerləşdirilməsi də qeyd olunmalıdır.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi start götürdü. Daha sonra “Zirvə” Liseyinin çağırışaqədərki hazırlıq müəllimi Qadir Bayramov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin nümayəndələrindən Kamil Şirinov və Məhəbbət Qasımov çıxış edərək şəhidlərimizin ruhunun yüksəkl tutulmasını təqdir etdiklərini, bu işdə əməyi olan hər kəsə minnətdar olduqlarını dilə gətirdilər. Sonda AAAF Park sakini olan uşaqlar vətənpərvər şeirlər səsləndirərək tədbirə yekun vurdular.

SHARE