Ənənəvi “Zirve Awards” mükafatlarının möhtəşəm təqdimetmə mərasimi keçirilib

Yanvar ayının 30-da “Boulevard Hotel”in əsas zalında Zirvə Beynəlxalq İdman Klublarının 2019-cu ilin idman yekunlarına həsr olunmuş ənənəvi “Zirve Awards” mükafatlarının təqdimetmə mərasimi keçirilib. Tədbirdə Azərbaycan idmanının tanınmış simaları, dünya və Avropa, Olimpiya çempionları və mükafatçıları, il ərzində uğurlu nəticələri fərqlənmiş, həmçinin digər şəxslər iştirak ediblər.

Budəfəki mərasim digərlərindən fərqli olub. Belə ki, klub rəhbərliyi yeniyetmə və uşaq idmanının inkişafı və təbliğini üstün tutaraq qaliblər siyahısına məhz bu istiqamətdə fərqlənən şəxsləri daxil edib. Mükafata layiq görülən idmançıların heç birinin yaşı 17-dən yuxarı olmayıb, digər nominasiyalarda təltif edilən şəxslər də məhz bu yaşa qədər idmanın inkişafındakı xidmətlərinə görə fərqləndiriliblər. Mükafatlar iki bölmədə – Azərbaycanı beynəlxalq arenada layiqli təmsil edənlər və 7-ci “Zirvə” Beynəlxalq Uşaq Oyunarında fərqlənənlər üzrə təqdim edilib. “Zirve Awards”da “İlin idmançısı”, “İlin hakimi”, “İlin məşqçisi”, “İlin federasiyası”, “Uşaq İdmanının İnkişafındakı Xidmətlərinə görə”, “İlin media qurumları”, həmçinin “Zirvə Oyunları”nda “İlin klubu”, “İlin komandası”, “İlin təşkilatçısı”, “İlin ən yaxşı idmançısı”, “Uşaq İdmanının Təbliğindəki roluna görə” və “Olimpiya ümidləri” nominasiyaları üzrə qaliblər elan edilib.

Mərasimdə Azərbaycan Gənclər və İdman Nazirliyinin idman şöbəsinin rəisi Fərid Mansurov, Azərbaycan Azərbaycan Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, Azərbaycan Basketbol Federasiyasının prezidenti Nadir Nəsibov, Milli Olimpiya Komitəsinin şöbə müdiri Həsənağa Rzayev, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayev, Azərbaycan Boks Federasiyasından Tofiq Babanlı, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı və digərləri, həmçinin Zabit Səmədov, Toğrul Əsgərov, Eduard Məmmədov, Rafael Ağayev, Vüqar Ələkbərov, Fuad Aslanov, Rəsul Çunayev, Hacı Əliyev, Cəbrayıl Həsənov və digər tanınmış idmançılar, eyni zamanda media nümayəndələri iştirak edirdilər.

Tədbir aparıcıların qonaqları salamlası ilə start götürüb. İlk olaraq il ərzində Azərbaycan idmanında baş verən mühüm hadisələr, əldə olunan uğurlar, həmçinin “Zirvə” BİK-in illik hesabatı – idmançıların qazandıqları uğurlar, təşkil olunan yarış və tədbirlər, həyata keçirilən infrastruktur layihələri barədə videoçarx nümayiş etdirilib.

Daha sonra söz “Zirvə” Beynəlxalq İdman Klublarının prezidenti, sabiq ağır atlet, Əməkdar bədən tərbiyəsi və idman xadimi Tofiq Heydərova verilib. O, Azərbaycanda idmanın inkişaf etməsi haqda danışıb. Bununla yanaşı qeyd edib ki, ölkəmizdə dövlət qayğısı yalnız böyüklər yox, uşaq və yeniyetmə idmanına da yönəldilməli, gələcəkdə əldə ediləcək uğurların təməli indidən qoyulmalıdır. Heydərov bildirib ki, rəhbərlik etdiyi klub bunu özünə əsas istiqamət götürüb və ötən il həyata keçirilən infrastruktur layihələri, həmçinin möhtəşəmliyi ilə yadda qalan 7-ci Zirvə Beynəlxalq Uşaq Oyunları buna bir nümunədir. Natiqin sözlərinə görə, bu fəaliyyət 2020-ci ildə də davam etdiriləcəkdir. Mükafatlandırma mərasimi barədə də danışan Heydərov qeyd edib ki, bu dəfə klub sərhədlərindən kənara çıxara təmsil etdiyi cəmiyyət, yaxud klubdan asılı olmayaraq Azərbaycanı böyük yarışlarda layiqincə təmsil etmiş yeniyetmə idmançıları fərqləndirmək, onları gələcək qələbələrə stimullaşdırmaq qərarı qəbul edilib. Budəfəki “Zirve Awards”ın nominasiyalarının qaliblərində bunun əyani şahidi olunacaq.

Bildirilib ki, “Zirvə” Beynəlxalq İdman klublarının idmançıları daxili və beynəlxalq yarışlarda ümumilikdə 236 medal əldə ediblər. Bunlardan 96-sı qızıl, 62-si gümüş, 78-i isə bürünc medal olub. Bu medallardan 169-u daxili, 67-si isə ölkə xaricindəki yarışlarda qazanılıb. Fərqlənən idman növləri arasında ağır atletika ön planda olub. 2019-cu ildə onunla rəqabətə karate, takevondo, bədii gimnastika və cüdo idman növlərindəki təmsilçilər qoşularaq layiqli və nəzərəçarpacaq uğurlar qazanıblar.

Sonra mükafatlandırma mərasiminin ilk hissəsinə keçilib. Burada ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil edilməsində əməyi olanlar diqqət mərkəzində oldu. İdmançılar, məşqçilər və digər mütəxəssislərə “Zirve Awards” mükafatı təqdim edilib.

Mükafatlandırma mərasiminin növbəti hissəsi 7-ci Zirvə Beynəlxalq Uşaq Oyunlarına həsr edilib. Öncə bu nəhəng yarışlar barədə videoçarx izlənilib.

Qeyd edilib ki, 5-28 may 2019-cu il tarixlərində Xırdalan və Astara şəhərlərində yerləşən AAAF Park Yaşayış, İdman, İstirahət və Əyləncə Komplekslərində keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş 7-ci “Zirvə Beynəlxalq Uşaq Oyunları”nda 27 idman növündə 12 ölkədən olan, 300-ə yaxın klubu təmsil edən 4 mindən çox idmançı uşağın qüvvəsini sınayıb. Yarışlar möhtəşəmliyi ilə yadda qalıb. Kiçik bir Olimpiada kimi təşkil olunan, böyük bir idman bayramına çevrilən bu Oyunlar Azərbaycanda çox sayda ilklərə səbəb olub, gələcək üçün arxasında nəhəng izlər buraxaraq nümunə rolunu oynayıb. Yeniyetmə idmançılar bu yarışlarda ağır atletika, atçılıq, atıcılıq, basketbol, boks, cüdo, futbol və çimərlik futbolu, bədii və idman gimnastikası, sərbəst və yunan-Roma güləşi, karate, kartinq, kikboksinq, qılıncoynatma, kamandan oxatma, pauerliftinq, şahmat, taekvondo, tennis və stolüstü tennis, üzgüçülük, çimərlik voleybolu və voleybol, badminton, atletika növlərində medallar uğrunda mübarizə aparıblar. Medal sıralamasında ilk 3 yeri “AAAF Park Zirvə” 63 (20 qızıl, 22 gümüş, 21 bürünc), “Neftçi” 44 (12 qızıl, 9 gümüş, 23 bürünc) və “Sumqayıt-Təhsil” 13 (9 qızıl, 3 gümüş, 1 bürünc) medalla tutublar.

Daha sonra Oyunlarda fərqlənənlərə “Zirve Awards” mükafatları təqdim edilib. Tədbir zamanı qaliblərə təqdim edilən xüsusi kubokları təqdim etmək üçün səhnəyə Fərid Mansurov, Tofiq Heydərov, Namiq Abdullayev, Raqif Abbasov, Rafael Ağayev, Toğrul Əsgərov, Hacı Əliyev, Rəsul Çunayev və digər şəxslər dəvət ediliblər.

Sonda bu ilin may ayında Astarada keçiriləcək 8-ci Zirvə Beynəlxalq Uşaq Oyunlarının bayrağının rəsmi keçidi prosesi həyata keçirilib. 7-ci Zirvə Oyunlarının Təşkilat Komitəsinin sədri Rauf Quliyev bayrağı növbəti Oyunların Təşkilat Komitəsinin sədri İlqar Malıyevə təqdim edib.

Ənənəyə sadiq qalaraq tort kəsilib. Bunu Olimpiya ümidləri nominasiyasında qalib gələn yeniyetmə idmançılar böyüklər arasında dünya və Avropa çempionatları, Olimpiya Oyunlarında uğur qazanmış idmançılarla birlikdə ediblər.

Bütün nominasiyalar üzrə qaliblərin adlarını sizə təqdim edirik:

– “İlin hakimi” 

Mayıl Hümbətli (Cüdo yarışlarının yüksək səviyyəli təşkili və keçirilməsindəki xüsusi xidmətlərinə görə).

– “İlin məşqçisi”

Turan Abdullayev (Ağır atletika üzrə dünya birinciliyində bir hərəkətdə qızıl medala sahib çıxmış Rəhman Kazımovun şəxsi məşqçisi).

– “İlin federasiyası”

Azərbaycan Güləş Federasiyası (2019-cu ildə yeniyetmələr arasında dünya və Avropa birincilikləri, Avropa Gənclərinin Olimpiya Festivalı, həmçinin digər beynəlxalq yarışlarda ümumilikdə 21 qızıl, 18 gümüş və 28 bürünc medal əldə edildiyinə görə)

 

– “Uşaq idmanının inkişafındakı xidmətlərinə görə”

Adil Əliyev (Azərbaycan Kikboksinq Federasiyasının prezidenti), Yaşar Bəşirov (Azərbaycan Karate Federasiyasının prezidenti), Nadir Nəsibov (Azərbaycan Basketbol Federasiyasının prezidenti)

 

– “İlin media qurumları”

“Azərtac” İnformasiya Agentliyi, “Report” İnformasiya Agentliyi, “Allsport.az” saytı.

 

– “İlin idmançısı”

Nihad Məmmədli (güləş) – yeniyetmələr arasında Avropa və dünya birinciliyinin qalibi, Beynəlxalq Güləş Federasiyası tərəfindən yeniyetmə yunan-Roma güləşçiləri arasında 2019-un ən yaxşısı seçilən güləşçi.

Nizami Hacıyev (taekvondo) – yeniyetmələr arasında dünya birinciliyinin bürünc medalçısı.

Hüseyn Məmmədli (karate) – yeniyetmələr arasında Avropa birinciliyinin bürünc, dünya birinciliyin isə gümüş medalçısı.

Turan Bayramov (cüdo) – yeniyetmələr arasında Avropa birinciliyinin qalibi, Avropa Olimpiya festivalının qızıl, dünya birinciliyinin komanda yarışlarının gümüş medalçısı.

Aydın Süleymanlı (şahmat) – 14 yaşlı oğlanlar arasında dünya çempionu, 16 yaşadək şahmatçılar arasında Dünya Şahmat Olimpiadasının qalibi.

Məhəmmədəli Qasımzadə (boks) – Məktəbli boksçular arasında Avropa birinciliyinin qalibi.

Rəhman Kazımov (ağır atletika) – Yeniyetmələr arasında dünya birinciliyinin təkanla qaldırma hərəkətində qızıl medalçısı.

Arzu Cəlilova (bədii gimnastika) – yeniyetmələr arasında Avropa birinciliyində bürünc, dünya birinciliyinin  bürünc və gümüş medalçısı.

Maqsud Mahsudov (batut) – Dünya Yaş Qrupları Yarışlarında fərdi proqramda qızıl, sinxron proqramda gümüş medalçı.

Amin Quliyev (kikboksinq) – yeniyetmələr arasında Avropa birinciliyinin qalibi və Dünya kubokunun sahibi.

 

– “İlin klubu”

“AAAF Park-Zirvə” (7-ci Zirvə Oyunlarında 20 qızıl, 22 gümüş və 21 bürünc medalla medal sıralamasında 1-ci yer)

“Neftçi” İSM (7-ci Zirvə Oyunlarında 12 qızıl, 9 gümüş və 23 bürünc medalla medal sıralamasında 2-ci yer)

“Təhsil” İM (7-ci Zirvə Oyunlarında 9 qızıl, 3 gümüş və 1 bürünc medalla medal sıralamasında 3-cü yer)

 

– “Oyunların yüksək səviyyəli təşkilindəki dəstəyə görə”

Sakin Məmmədzadə (Cənub Regional Futbol Federasiyasının prezidenti)

Xəzər Babayev (Azərbaycanda yeganə idman təmayüllü “Zirvə Liseyi”nin direktoru)

 

 – “İlin komandası”

“Ankara-Zirvə” Basketbol Klubu (basketbol yarışlarının həm qızlar, həm də oğlanlar yarışında qələbələrinə görə)

 

– Uşaq İdmanının Təbliğindəki roluna görə

Mirşahin Ağayev (“Real” Təhlil və İnformasiya Mərkəzinin rəhbəri), Rauf Arifoğlu (“Yeni Müsavat” Media Qrupunun rəhbəri), “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti.

 

– “Zirvə” Beynəlxalq İdman Klublarında ilin ən yaxşı idmançısı

Nurlan Məmmədzadə (yeniyetmələr arasında Avropa birinciliyin mükafatçısı və rekordçusu), Elşən Məmmədov (yeniyetmələr arasında Avropa birinciliyinin qalibi və rekordçusu), Əli Şükürlü (yeniyetmələr arasında dünya birinciliyinin bürünc mükafatçısı).

 

– “Olimpiya ümidləri”

Taha Nemati (ağır atletika, İran, “Ərdəbil-Zirvə”, şəxsi məşqçisi Səid Əlihüseyni)

Elvin Məmmədxanlı (yunan-roma güləşi, “Cəngi” klubu, şəxsi məşqçisi Zaur Şərifov)

Elman Ağayev (sərbəst güləş, “Zirvə” klubu, şəxsi məşqçisi Əlisa Abbasov)

Uğur Səmədli (karate, “ŞKİF” klubu, şəxsi məşqçisi Xəyal Məmmədov)

Taleh Mahmudzadə (basketbol, 2N-li RİOUGİM, şəxsi məşqçisi Ruslan Xalıqov)

Aylin Hüseynova (səbətə top atma yarışı, Zirvə klubu, şəxsi məşqçisi Ülvin Hüseynov)

Nihad Süleymanlı (futbol, Lənkəran-Zirvə klubu, şəxsi məşqçisi Xəyal Abbasov)

Əli Allahverdiyev (çimərlik futbolu, “Xəzər Lənkəran” klubu, şəxsi məşqçisi Röyal Abbasov)

Ramiz Bağırov (voleybol, 2 N-li UGİM, şəxsi məşqçisi Qüdrət Məlikov)

Rəşad Əliyev (çimərlik voleybolu, Neftçi klubu, şəxsi məşqçisi Elçin Orucov)

Əli Züqanov (şahmat, Xırdalan Şahmat Məktəbi, şəxsi məşqçisi Ruhəngiz Dibirova)

Cəfər Sultanlı (atıcılıq, “Zirvə” klubu, şəxsi məşqçisi Cəlal Axundov)

Əli Süleymanov (kamandan oxatma, “Məhsul” klubu, şəxsi məşqçisi Natiq Fazilov)

Zəhra Heydərli (atletika, “Zirvə” klubu, şəxsi məşqçisi Şirin Vəliyev)

Əli Gözəlov (badminton, 13 N-li UGİM, şəxsi məşqçisi Kərim Musayev)

Ruslan Qəhrəmanov (kikboksinq, “Kolizey-Mingəçevir” klubu, şəxsi məşqçisi Kamran Nəsirov)

Alina Hüseynova (tennis, “Tennis Akademiyası”, şəxsi məşqçisi Yalçın Manaflı)

Toğrul Məmmədov (stolüstü tennis, 1N-li OEUGŞİM, şəxsi məşqçisi Elnur Hidayətzadə)

Mədinə Mürsəliyeva (bədii gimnastika, “Qratsiya” klubu, şəxsi məşqçisi Alfiya Mantova)

Nadir Məlikov (boks, “Sumqayıt-Təhsil”, şəxsi məşqçisi Elbrus Rzayev)

Nazilə Rəhimova (qılıncoynatma, 7 N-li OEUGİM, şəxsi məşqçisi İslam Rəhimov)

Samir Tağıyev (üzgüçülük, “Zirvə”, şəxsi məşqçisi Asif Əliyev)

Leyla Bəşirova (taekvondo, “Sumqayıt-Təhsil”, şəxsi məşqçisi Rəşad Məmmədov)

Zülfüqar Seyidov (cüdo, “Əlincə” klubu, şəxsi məşqçisi Əfqan Zeynalov).

 

 

SHARE